“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Professor Əziz Əliyev” tankerinin əsaslı təmiri başa çatıb.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb.
Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, gəminin köməkçi buxar qazanı, köməkçi qazanı da təmir olunub. Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb.
“Professor Əziz Əliyev” tankerində ballast sularının təmizlənməsi qurğusu quraşdırılıb.
Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.
Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismara qaytarılıb.